Arıqlamağa kömək edən yeni diabet dərmanı satışa çıxarıldı



Britaniyada diabetin müalicəsində istifadə olunan və arıqlamağa kömək edən yeni gündəlik həb apteklərdə satışa çıxarılıb.

AFN.az xəbər verir ki, əczaçılar iynədən istifadə edə bilməyən xəstələr üçün bu addımın müsbət olduğunu bildirərkən, saxta və lisenziyasız GLP-1 həblərinə qarşı da xəbərdarlıq ediblər.

ABŞ-ın dərman şirkəti Eli Lilly tərəfindən hazırlanan “Foundayo” ticarət adlı “Orforglipron” maddəsi Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) tərəfindən təsdiqlənib. Britaniya iyun ayında təsdiqlənən başqa bir arıqlama dərmanından sonra bu preparatı təsdiqləyən ilk Avropa ölkəsi olub.

Lilly Şimali Avropa Kardiometabolik Sağlamlıq üzrə vitse-prezidenti Xəlil Asmar dərmanın istifadəsi ilə bağlı qiymətləndirməsində Britaniyadakı xəstələr üçün lisenziyalı iynə müalicələri ilə yanaşı yeni oral müalicə seçiminin təqdim edilməsindən məmnun olduqlarını bildirib.

Dərman ilk mərhələdə yalnız özəl reseptlə əldə edilə biləcək. Şirkət dərmanın Milli Səhiyyə Xidməti (NHS) çərçivəsində də istifadəyə təqdim edilə bilməsi üçün aidiyyəti qurumlarla qiymətləndirmə prosesinin aparıldığını açıqlayıb.

Dərman bədən kütlə indeksi 30 və daha yüksək olan şəxslərlə yanaşı, bədən kütlə indeksi 27 ilə 30 arasında olan və çəki ilə əlaqəli ən azı bir sağlamlıq problemi yaşayan xəstələr üçün lisenziyalaşdırılıb.

Həmçinin tip 2 diabet xəstələrində qan şəkərinin balanslaşdırılması məqsədilə də istifadə edilə bilər. Gündə bir dəfə qəbul edilən həbin istifadəsi üçün qida və ya su ilə bağlı məhdudiyyət yoxdur.

Milli Əczaçılıq Assosiasiyasının rəhbəri Henri Qreq iynə üsuluna üstünlük verməyən və ya ondan istifadə edə bilməyən xəstələr üçün bu inkişafın əhəmiyyətinə diqqət çəkərək, müalicənin daha geniş xəstə qrupuna çata biləcəyini bildirib.

Dərman tənzimləyici qurumları və istehsalçı şirkətlər həb formasındakı dərmanların saxta və ya lisenziyasız variantlarının bazara çıxarılması riskinə qarşı xəstələrin dərmanları yalnız etibarlı və nəzarət olunan apteklərdən əldə etməli olduğunu vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu