ABŞ iqtisadiyyatı ikinci rübdə 2,2 faiz böyüdü
ABŞ iqtisadiyyatı bu ilin ikinci rübündə illik hesablamada 2,2 faiz böyüyüb.
AFN.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi aprel-iyun dövrünə dair Ümumi Daxili Məhsulun (ÜDM) yekun göstəricisini açıqlayıb.
Buna görə, ABŞ-da real ÜDM bu ilin ikinci rübündə illik hesablamada 2,2 faiz artıb.
İyul ayında açıqlanan ilkin hesablamada və avqust ayında dərc edilən ikinci hesablamada iqtisadiyyatın ikinci rübdə 1,5 faiz böyüdüyü proqnozlaşdırılmışdı.
Beləliklə, ölkə iqtisadiyyatının ikinci rüb üzrə artım göstəricisi yuxarı istiqamətdə yenidən nəzərdən keçirilib.
Ölkə iqtisadiyyatının ikinci rübdəki artımına istehlakçı xərcləri, investisiyalar və ixrac təsir göstərib. ÜDM hesablamasında mənfi maddə kimi nəzərə alınan idxal isə artıb.
İkinci rüb üzrə artım göstəricisinin yuxarı istiqamətdə yenidən nəzərdən keçirilməsində isə əsasən investisiyalar, istehlakçı xərcləri və dövlət xərcləri ilə bağlı yuxarı yönlü düzəlişlər həlledici olub.
Digər tərəfdən, şəxsi istehlak xərcləri qiymət indeksinin bu ilin ikinci rübündə qeydə alınan artımı 5,3 faizdən 5 faizə qədər yenidən nəzərdən keçirilib. Sözügedən indeks birinci rübdə 4,2 faiz artmışdı.
Ərzaq və enerji xərclərinin hesablamadan çıxarıldığı baza şəxsi istehlak xərcləri qiymət indeksindəki artım da həmin dövrdə 3,6 faizdən 3,3 faizə endirilib. Sözügedən indeks ilin birinci rübündə 3,9 faiz artım göstərmişdi.


