Almaniya hava limanında çamadandan 37 canlı zəhərli ilan çıxıb
Almaniyanın Köln Bonn hava limanında 90-dan çox kərtənkələ və zəhərli ilanı ölkəyə keçirməyə çalışan şəxs saxlanılıb.
AFN.az xəbər verir ki, gömrük əməkdaşları Meksikadan gələn 45 yaşlı yanğınsöndürənin çamadanında 37 canlı zəhərli ilan və 55 kərtənkələ aşkar ediblər.
Gömrük orqanlarının məlumatına görə, Meksikalı yanğınsöndürən hava limanında bəyan edilməli əşyası olmayan sərnişinlər üçün nəzərdə tutulan yaşıl dəhlizdən keçməyə çalışarkən olduqca gərgin görünüb. Əməkdaşlar çamadanı yoxlamazdan əvvəl şübhəli şəxsdən narkotik testi götürüblər. Testin nəticəsində kokain aşkarlanıb.
Əməkdaşlar çamadanda narkotik maddə tapmasalar da, şampun və krem qablarında, plastik qablarda və corabların arasında gizlədilmiş müxtəlif ilan və kərtənkələ növlərini aşkar ediblər. Onların arasında gürzələr, çalbaşlı zınqırovlu ilanlar və iquanalar da olub.
Köln Gömrük İdarəsinin sözçüsü Yens Ahland bildirib ki, hava limanındakı əməkdaşlar çamadanlarda müxtəlif suvenirlərlə rastlaşmağa öyrəşiblər, lakin Meksikadan gətirilən 37 canlı zəhərli ilan və 55 kərtənkələ ilə indiyədək qarşılaşmayıblar.
Adı açıqlanmayan şübhəli gömrük əməkdaşlarına heyvanları braziliyalı tanışına yaxşılıq etmək məqsədilə gətirdiyini deyib.
Sağ qalan heyvanların qayğısını Almaniyada yerləşən ilan ferması öz üzərinə götürüb.
Gömrük xidmətinin sözçüsü bildirib ki, ötən il Almaniya üzrə mühafizə olunan heyvanları, bitkiləri və onlardan əldə edilən məhsulları əhatə edən 56 600-dən çox nümunə ilə bağlı 1 300-dən artıq müsadirə əməliyyatı həyata keçirilib.
Altı il əvvəl də Köln Bonn hava limanında gömrük əməkdaşları Meksikadan oyuncaq və şirniyyat qablaşdırmalarının içində gizlədilərək ölkəyə keçirilməyə çalışılan 10-u ölü olmaqla, 26 nadir sürünən aşkar etmişdilər.
Həmin heyvanların Almaniyadakı şəxsi alıcılara göndərilməsi planlaşdırılırdı.

