ABŞ vitse-prezidenti İranla razılığa gəlməyin aylar çəkə biləcəyini söyləyib
ABŞ vitse-prezidenti Cey Di Vens İranla razılığa gəlməyə çox yaxın olduqlarını, lakin bunun aylar da çəkə biləcəyini bildirib.
AFN.az xəbər verir ki, Vensin "CBS News" kanalına verdiyi, lakin hələ tam variantı yayımlanmayan müsahibəsindən müəyyən hissələr ictimaiyyətlə bölüşülüb.
ABŞ-ın İraqın nüvə proqramını uzunmüddətli perspektivdə tənzimləyəcək bir razılaşma əldə etməyə çox yaxın olduğunu qeyd edən Vens bu sənədin ABŞ-a iqtisadi cəhətdən də fayda verə biləcəyini dilə gətirib.
Vitse-prezident noyabrda keçiriləcək aralıq seçkilərə qədər bir çox məsələnin aydınlaşacağını düşünür və müqavilənin gələn həftə də, yaxud bundan aylar sonra da imzalana biləcəyini ehtimal edir.
İran tərəfinin ABŞ Prezidenti Donald Trampı vaxt qazanmaq üçün ləngitdiyini düşünmədiyini bildirən Vens sadəcə olaraq rəsmi Tehranın daxili idarəetmə sistemində kompromisə gəlməyin çox uzun vaxt apardığını vurğulayıb.
Vens özünə "İranlılara güvənirsinizmi?" sualını verənlərə Trampın vaxtilə dediyi "Mən heç kimə güvənmirəm. Güvəndiyim tək şey öz danışıqlar aparmaq qabiliyyətimdir" sözləri ilə cavab verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, sözügedən müsahibənin tam variantı iyunun 14-də tamaşaçılara təqdim olunacaq.
