O yanı qaya, bu yanı qaya... - şüşədə sarı maya (ARAŞDIRMA)
Son günlər Azərbaycanın bəzi iri market şəbəkələrində yumurtanın qiymətinin rekord həddə enməsi geniş müzakirələrə səbəb olub. Bir müddət əvvəl 14-18 qəpiyə satılan məhsulun bəzi hallarda 1-3 qəpiyə təklif olunması istehlakçılar arasında suallar yaradıb.
Bu ucuzlaşma sosial şəbəkələrdə müxtəlif iddiaların yayılmasına da səbəb olub. Belə ki, ən çox səsləndirilən versiyalardan biri bazara "süni" və ya "kimyəvi" yumurtaların çıxarılmasıdır.
AFN.az-ın Araşdırma qrupu mövzunu iqtisadi, texnoloji və bazar amilləri baxımından araşdırıb.
Əvvəlcə gəlin əsas bazar iştirakçılarının mövqelərinə nəzər salaq. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası süni yumurta versiyasını tamamilə rədd edir. Qurumun açıqlamasına görə, hazırda ölkəyə ərzaqlıq yumurta idxal edilmir və daxili tələbat yerli istehsal hesabına qarşılanır.
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, ölkədə istehsal daxili tələbatdan yüksəkdir və bazarda müşahidə olunan qiymət enişi ilk növbədə təklif bolluğu ilə bağlıdır. M.Həsənlinin sözlərinə görə, Azərbaycanda süni yumurta istehsalı texnologiyası mövcud deyil.
Bəs süni yumurta həqiqətən mövcuddurmu? Necə istehsal edilir? Maya dəyəri 1-3 qəpikdən ucuzdurmu ki, bazarda bu qiymətə təklif edilsin?
Araşdırmalar göstərir ki, bəli, süni yumurta mövcuddur, lakin sosial şəbəkələrdə təqdim olunduğu formada yox. Dünyada "süni yumurta" anlayışı əsasən üç istiqamətdə inkişaf edir. Birinci istiqamət bitki mənşəli alternativlərdir. ABŞ və Avropada maş lobyası, noxud proteini, soya zülalı, günəbaxan yağı və digər komponentlərdən istifadə edilməklə veqan yumurta alternativləri hazırlanır. Bu məhsullar xüsusilə vegetarian və veqan istehlakçılar üçün nəzərdə tutulub. Üstəlik, bu, adi toyuq yumurtası formasında hazırlanmır.
Bu məhsullar əsasən yumurta alternativi kimi istehsal olunur və bir neçə formada satılır ki, bunlardan ən geniş yayılmış forması mayedir. Bu məhsul butulkada satılır. Bundan başqa veqan yumurtalarının dondurulmuş, yaxud hazır bişmiş forması, toz halı mövcuddur. Adi yumurtaya bənzər qabıqlı forması hələlik hazırlanmayıb.
Süni yumurta anlayışının ikinci istiqaməti laboratoriya və tədqiqat məhsullarıdır. Alimlər gələcəkdə heyvandarlıqdan asılılığı azaltmaq məqsədilə müxtəlif zülal əsaslı alternativlər üzərində işləyirlər. Lakin bu məhsullar hələ geniş bazar üçün ucuz istehlak məhsulu deyil.
Üçüncü istiqamət isə internet mifləridir. Uzun illərdir sosial şəbəkələrdə "Çində plastik yumurta istehsal olunur" iddiası yayılır. Lakin beynəlxalq fakt-yoxlama platformaları bu videoların əhəmiyyətli hissəsinin oyuncaq istehsalı, dekorativ məhsullar və ya tamamilə başqa qida məhsullarını göstərdiyini müəyyən ediblər.
Bəs "süni yumurta" neçəyə başa gəlir?
Bitki mənşəli yumurta alternativlərinin hazırlanması yüksək texnologiya, emal xətləri, xüsusi xammal, qablaşdırma və logistika tələb edir. Xarici bazarlarda bu cür məhsulların qiyməti əksər hallarda adi yumurtadan daha yüksək olur. Məsələn, ABŞ bazarında 10 yumurtaya ekvivalent bitki mənşəli məhsul 7 dollardan yuxarı qiymətə satılır.
Başqa sözlə, belə məhsulların bir vahidinin maya dəyəri onlarla qəpik və ya hətta bir neçə manat səviyyəsində formalaşır.
Bu halda sadə sual yaranır:
Maya dəyəri dəfələrlə yüksək olan texnoloji məhsulu istehsal edib, onu minlərlə kilometr uzağa daşıyıb, daha sonra Azərbaycanda 1-3 qəpiyə satmaq iqtisadi baxımdan necə mümkün ola bilər? İqtisadi məntiq belə ssenarinin real olmadığını deyir.
Azərbaycanda yumurtanın 1-3 qəpiyə satılması da iqtisadi məntiqlə izah edilə bilər. Burada bir neçə əsas amil qeyd olunmalıdır:
1. Yay aylarında həm iri quşçuluq təsərrüfatlarında, həm də fərdi təsərrüfatlarda məhsuldarlıq artır.
2. Təhsil müəssisələrinin bağlanması, isti havalarda istehlakın azalması və ictimai iaşə sektorunda mövsümi dəyişikliklər (Məhərrəmlik ayının başlaması ilə restoranların müştərilərinin azalması) satış həcmlərinə təsir edir.
3. Yumurta uzun müddət saxlanıla bilməyən məhsullardandır. Məhsulun xarab olmasının qarşısını almaq üçün istehsalçılar bəzən onu minimum qiymətlərlə bazara çıxarmağa üstünlük verirlər.
4. Bəzi iri marketlər yumurtanı alıcı cəlb edən məhsula çevirərək, aşağı qiymətlərlə satış kampaniyaları həyata keçirirlər.
Bütün bunlar göstərir ki, Azərbaycanda 1-3 qəpiyə satılan yumurtalarla bağlı yaranmış vəziyyət qida təhlükəsizliyi problemindən daha çox bazar iqtisadiyyatı və mövsümi amillərlə bağlıdır.
İstehlakçılar sosial şəbəkələrdə yayılan əsassız videolara deyil, məhsulun istehsal tarixinə, son istifadə müddətinə, qablaşdırılmasına və saxlanma şəraitinə diqqət yetirməlidirlər.
Çünki hazırda əldə olan məlumatlar göstərir ki, "süni yumurta" qorxusu daha çox internet mifidir, 1-3 qəpiklik qiymətlər isə bazardakı təklif bolluğunun və sərt rəqabətin nəticəsidir.

