Aİ kiberhücumlara qarşı birgə cavaba hazır olduğunu açıqlayıb
Avropa İttifaqı (Aİ) Fransanın İranın məsuliyyət daşıdığını bildirdiyi və yüzlərlə supermarketin soyutma sistemlərinin fəaliyyətini pozan kiberhücumlardan sonra sanksiyalar da daxil olmaqla, mövcud vasitələrdən istifadə edərək sürətli və birgə cavab verməyə hazır olduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, Aİ bu addımı üzv dövlətlərlə aparılacaq müzakirələrə uyğun şəkildə atmağa hazırdır.
Aİ-nin Xarici Əlaqələr üzrə sözçüsü Anuar Əl-Anuni Avropa Komissiyasının gündəlik mətbuat konfransında Fransadakı kiberhücumlar və İrana qarşı mümkün sanksiyalarla bağlı sualı cavablandırıb.
Əl-Anuni hücumlardan sonra Fransa ilə tam həmrəylik nümayiş etdirdiklərini bildirərək, Parisin hücumlara görə İranı məsul tutduğunu qeyd edib.
O, üzv ölkələrlə keçiriləcək müzakirələrdən asılı olaraq Aİ-nin sürətli və birgə cavab verməyə hazır olduğunu deyib.
Aİ-nin bütün dövlətləri kiberməkanda zərərli fəaliyyətlərdən çəkinməyə daim çağırdığını vurğulayan Əl-Anuni bu cür fəaliyyətlərə qarşı sanksiyalar da daxil olmaqla, Aİ-nin kiberdiplomatiya vasitələrinin hamısından istifadə etməyə davam edəcəklərini bildirib.
Yeni kiber sanksiyalar üzərində də işlədiklərini qeyd edən Əl-Anuni İranın nüvə proqramı, insan hüquqlarının pozulması və dənizdə sərbəst hərəkətə mane olan fəaliyyətləri səbəbindən də genişmiqyaslı sanksiyalara məruz qaldığını xatırladıb.
Fransada oktyabr ayında yüzlərlə supermarketin soyutma sistemlərini hədəf alan kiberhücumlar ərzaq məhsullarının xarab olmasına və maddi ziyana səbəb olmuşdu.
Belçika, Lüksemburq, İsveç, İrlandiya, Niderland, Finlandiya və Estoniyada da noyabrın 2-də bəzi mağazaların soyuducu və dondurucularında oxşar problemlər qeydə alınmışdı. Cihazların temperaturunun yüksəlməsi səbəbindən bəzi müəssisələr ərzaq məhsullarını satışdan çıxarmaq və məhv etmək məcburiyyətində qalmışdı.
Fransa öz ərazisində baş verən hücumlara görə İranı məsul tutmuşdu. Belçikadakı hadisələrlə bağlı araşdırmanın isə davam etdiyi, bu hücumları İranın və ya başqa bir tərəfin törətdiyini deməyə, yaxud onları Fransadakı hücumlarla əlaqələndirməyə imkan verən sübutların olmadığı açıqlanmışdı.

