Belçika supermarketlərə kiberhücumlara Avropanın birgə cavab verməsini istəyir



Belçika hökuməti Avropanın müxtəlif şəhərlərində supermarketlərin soyutma sistemlərini hədəf alan kiberhücumlara qarşı ümumavropa səviyyəsində birgə cavab verilməsinin vacibliyini bəyan edib. 

AFN.az xəbər verir ki, Belçika bu cür hücumlara görə məsuliyyət daşıyan tərəflərə qarşı məqsədyönlü sanksiyaların tətbiqini mümkün vasitələrdən biri hesab edir.

Belçika Xarici İşlər Nazirliyinin sözçüsü Laurens Soenen açıqlamasında ölkədə baş verən hücumlarla bağlı Federal Prokurorluğun araşdırmasının davam etdiyini bildirib.

Fransanın hücumlara görə İranı məsul tutduğuna diqqət çəkən Soenen hazırkı mərhələdə hadisəyə görə İranı və ya başqa hər hansı tərəfi məsuliyyətə cəlb etməyə imkan verən sübutların olmadığını deyib. O, həmçinin Belçikadakı hadisələrlə Fransada daha əvvəl baş vermiş hücumlar arasında əlaqə qurmağın mümkün olmadığını vurğulayıb.

Soenen Belçikanın təhlükəni kiçik hesab etmədiyini bildirərək, bu cür hücumların qəbuledilməz olduğunu və onlara Avropa miqyasında müvafiq cavab verilməli olduğunu qeyd edib.

Məqsədyönlü sanksiyaların bu baxımdan mühüm vasitə ola biləcəyini deyən Soenen Belçikanın Fransanın təkliflərinə açıq olduğunu və mövcud məlumatlar əsasında məsələni avropalı tərəfdaşları ilə birlikdə diqqətlə qiymətləndirəcəyini bildirib.

Fransada oktyabr ayında yüzlərlə supermarketin soyutma sistemlərini hədəf alan kiberhücumlar ərzaq məhsullarının xarab olmasına və maddi ziyana səbəb olmuşdu.

Belçika, Lüksemburq, İsveç, İrlandiya, Niderland, Finlandiya və Estoniyada da noyabrın 2-də bəzi mağazaların soyuducu və dondurucularında oxşar problemlər qeydə alınmışdı. Cihazların temperaturunun yüksəlməsi səbəbindən bəzi müəssisələr ərzaq məhsullarını satışdan çıxarmaq və məhv etmək məcburiyyətində qalmışdı.

Fransa öz ərazisində baş verən hücumlara görə İranı məsul tutmuşdu.

Fransanın xarici işlər naziri Jan-Noel Barro oktyabrın 11-12-də ölkədə 700-dən çox supermarketin soyutma sistemlərini hədəf alan kiberhücumların arxasında dayandığını açıqladığı İran İnqilab Keşikçiləri Korpusuna qarşı sanksiyaların tətbiqi ilə bağlı heç bir variantı istisna etməyəcəklərini bildirmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu