Avropa İttifaqı şərq sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirir



Avropa İttifaqı (Aİ) Rusiya və Belarus mənşəli hibrid təhdidlərə qarşı şərq sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirməyə, dronlarla mübarizə imkanlarını genişləndirməyə və yeni viza məhdudiyyətləri tətbiq etməyə hazırlaşır.

AFN.az xəbər verir ki, bu məsələlər Avropa Parlamentinin plenar iclasında Aİ-nin şərq sərhədlərindəki təhlükəsizlik vəziyyəti və hibrid təhdidlərə dair müzakirələr zamanı gündəmə gətirilib.

İclasda Aİ Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner, eləcə də Aİ Şurasına sədrlik edən İrlandiyanın mədəniyyət, kommunikasiya və idman üzrə dövlət naziri Çarli MakKonalou iştirak ediblər.

Brunner Baltik dənizindən Qara dənizə qədər Aİ-nin şərq sərhədlərində yaşayan insanların Rusiya mənşəli təhlükələrlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, miqrasiyanın təzyiq vasitəsi kimi istifadə olunması, dronlar, kiberhücumlar və sabotaj artıq ayrı-ayrı hadisələr deyil, davamlı təhlükələrə çevrilib.

Aİ-nin şərq sərhədlərinə investisiya yatırılmasının bütövlükdə Birliyin təhlükəsizliyinə sərmayə qoymaq demək olduğunu vurğulayan Brunner Finlandiyadan Bolqarıstana qədər 600-dən çox Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) əməkdaşının milli sərhəd mühafizəçiləri ilə birgə xidmət etdiyini bildirib.

Brunner Frontex-lə bağlı yeni tənzimləmə təklifi çərçivəsində üzv ölkələrin müraciəti əsasında göndərilməyə hazır sürətli müdaxilə qüvvəsinin yaradılacağını qeyd edib.

Onun sözlərinə görə, üzv ölkələrdən biri təhlükəsizlik təhdidi aşkar etdikdə qonşu dövlətlər də dərhal məlumatlandırılmalıdır. Avropa Kritik Kommunikasiya Sistemi vasitəsilə erkən xəbərdarlıq mexanizmlərinin sürətləndiriləcəyi və ölkələrin təcili müdaxilə bölmələri arasında əlaqənin qurulacağı bildirilib.

Brunner dronların Avropa üzrə ümumi problem olduğunu və bu təhlükəyə qarşı birgə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O, yaxın vaxtlarda Aİ Dronlarla Mübarizə üzrə Mükəmməllik Mərkəzinin fəaliyyətə başlayacağını, Baltik regionunda isə genişmiqyaslı dron təliminin keçiriləcəyini açıqlayıb.

Aİ-nin sərhədlərində və Qara dənizdə müşahidə fəaliyyəti, eləcə də dronlarla mübarizə tədbirləri üçün təxminən 500 milyon avro vəsaitin mövcud olduğunu bildirən Brunner, Aİ Komissiyasının sədri Ursula fon der Leyenin Bolqarıstan və Rumıniyanın birgə yaratdığı dəniz təhlükəsizliyi mərkəzinin fəaliyyətə başlamasını sürətləndirmək məqsədilə 50 milyon avro ayrılacağını açıqladığını xatırladıb.

Brunner vizaların Aİ-nin ilk müdafiə xəttini təşkil etdiyini bildirib. Onun sözlərinə görə, 2022-ci ildən bəri Rusiya vətəndaşları üçün viza rüsumları artırılıb, müraciətlərin emal müddətləri uzadılıb, sənəd tələbləri sərtləşdirilib və çoxgirişli viza praktikasına faktiki olaraq son verilib.

Rusiya vətəndaşlarına verilən vizaların sayının əhəmiyyətli dərəcədə azaldığını, lakin bunun kifayət etmədiyini qeyd edən Brunner, rusiyalı müraciətçilərdən daha çox sənəd tələb olunması üçün viza qaydalarına dair təlimatların bir gün əvvəl yeniləndiyini bildirib.

Brunner üzv ölkələrə Rusiya hərbçilərinin müəyyənləşdirilməsi və onlara ardıcıl məhdudiyyətlərin tətbiq olunması üçün əlavə imkanlar yaradıldığını da vurğulayıb.

O, Rusiya idmançılarının Aİ-də keçirilən idman yarışlarında Rusiya bayrağı altında iştirakının qadağan edilməsini də təklif etdiklərini bildirib. Brunner gələn ilin əvvəlində Aİ Viza Məcəlləsinə ediləcək dəyişikliklərlə düşmən mövqedə olan üçüncü ölkələrin vətəndaşlarına qarşı hədəfli məhdudiyyətlərin tətbiq olunacağını qeyd edib.

Aİ-nin yeni Giriş-Çıxış Sistemi (EES) çərçivəsində noyabr ayına qədər 250 milyon giriş və çıxış əməliyyatının qeydə alındığını bildirən Brunner, saxta və ya tələblərə uyğun olmayan sənədlər daşıyan təxminən 85 min şəxsin sərhədlərdə saxlanıldığını, təhlükəsizlik təhdidi yaradan 70 mindən çox şəxsin isə Aİ-yə girişinin qarşısının alındığını deyib.

Brunner hibrid təhdidlərlə mübarizə imkanlarının gücləndirilməsi məqsədilə Avropa Təcili Müdaxilə Çərçivəsi üzərində işlədiklərini açıqlayıb.

Aİ Şurası adından çıxış edən MakKonalou isə Finlandiya, Estoniya, Latviya, Litva, Polşa və Rumıniya başda olmaqla, Birliyin şərq sərhədlərində yerləşən ölkələrin Rusiya və Belarusun məqsədyönlü və davamlı təzyiqlərinə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, bu ölkələr miqrasiyanın təzyiq vasitəsi kimi istifadəsi, kiberhücumlar, yanğın törətmə, kritik infrastruktura qarşı sabotaj cəhdləri, hava məkanının pozulması və peyk naviqasiya siqnallarına müdaxilə kimi hibrid fəaliyyətlərin əsas hədəfləridir. MakKonalou bu fəaliyyətlərin Aİ ölkələrini destabilizasiya etməyə, vətəndaşların demokratik institutlara inamını sarsıtmağa və Ukraynaya dəstəyi zəiflətməyə yönəldiyini bildirib.

Aİ sərhədlərinin təhlükəsizliyinin bütün üzv ölkələrin ortaq məsuliyyəti olduğunu vurğulayan MakKonalou Rusiyaya qarşı 22-ci sanksiya paketinin hazırlanması istiqamətində sürətlə irəliləməyə hazır olduqlarını bildirib.

MakKonalou İrlandiyanın Aİ Şurasına sədrliyi dövründə prioritetlərin ortaq müdafiə layihələrinin gecikmədən həyata keçirilməsi, hibrid təhdidlərə koordinasiyalı cavab verilməsi, Frontex-in gücləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi olduğunu qeyd edib.

NATO da daxil olmaqla beynəlxalq tərəfdaşlarla hibrid təhdidlərə qarşı əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunan MakKonalou Ukraynanın təhlükəsizliyinin Aİ və üzv ölkələrin təhlükəsizliyindən ayrı nəzərdən keçirilə bilməyəcəyini vurğulayıb.

İclasın sonunda yenidən çıxış edən MakKonalou Aİ Şurasının şərq sərhədlərində yerləşən üzv ölkələrin üzləşdiyi təhlükəsizlik problemlərindən xəbərdar olduğunu və zəruri tədbirlərin ən yüksək prioritetlə həyata keçirilməsinin davam etdiriləcəyini bildirib.

2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ-nin təhlükəsizlik gündəmində daha geniş yer tutan hibrid təhdidlər dron insidentləri, kiberhücumlar, sabotaj və dezinformasiya fəaliyyətlərini əhatə edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu